ZÜHURA YOL HAZIRLAYANLAR

19-cu əsr tarixçisi Məhəmməd Zərəndinin «Fərəcin şəfəqləri» kitabından maraqlı hissəni bölüşürük:

Müxtəlif firqələrə bölünüb bir-biri ilə çəkişməkdə olan müsəlmanların nadanlıq, təəssüb və fəsadı nəticəsində İslamın həqiqət günəşinin tutulduğu bir zamanda Şeyx Əhməd Əhsainin doğru yol göstərən parlaq ulduzu Şərqin üfüqündə işıq saçmağa başladı. O böyük insan dini rəhbərlərin günahı ucbatından İslamın zəiflədiyini görüb çox pərişan olmuşdu, şiələr arasında müşahidə etdiyi fəsad, cəhalət, çəkişmə və münaqişələr onu son dərəcə kədərləndirmişdi. Buna görə də qəlbi ilahi nurla işıqlanmış böyük Şeyx fəsad əhlinə müqavimət göstərməyi və şiələri qəflət yuxusundan oyatmağı qərara aldı. Onun məqsədi bu idi ki, axır zamanda zühur edəcək müqəddəs Şəxsin gəlişinə zəmin hazırlasın və beləliklə, birlik yaradacaq o qüdrətli şəxs zühur etdikdən sonra müsəlmanları bürümüş cəhalət və nadanlıq zülmətini aradan qaldıra bilsin. Bu səbəbdən o, daxilindəki nurun və ilahi qüdrətin köməkliyi ilə çətin ayələri şərh etməyə, Allahın əzəmətli məzhərinin gəlişi ilə əlaqədar müjdələri açıqlamağa başladı. İslami kitablarda mövcud olan həmin müjdələrdən o, bir şeyi yəqin etmişdi ki, yalnız yeni zühurun işığı və gözlənilən şəxsin nuru xalq arasındakı fitnə-fəsada son qoymağa, camaatı cəhalət və nadanlıq zülmətindən xilas etməyə qadirdir. Buna görə də o, hicri on üçüncü əsrin əvvəllərində (miladi XVIII əsrin sonlarında), ömrünün qırx ilini arxada qoyduğu bir zamanda tam qətiyyətlə öz məqsədini həyata keçirməyə başladı. Elə bu niyyətlə də ailəsini və qohum-əqrəbasını öz vətənində — Fars körfəzinin cənubundakı Bəhreyn adalarından birində qoyub Nəcəf və Kərbəlaya yollandı.

Nəcəf və Kərbəlaya gələn kimi o, İslam alimlərinin fikir və düşüncələri ilə tanış oldu. Tezliklə o, qeyri-adi bir şöhrət qazandı və böyük müctəhidlərdən birinə çevrildi. Şeyxin görüşünə gələn hər bir alim bu böyük insanın biliyinin genişliyini, ilahi sirlərdən agah olduğunu, Quran ayələrinin mənasını açmaq və çətinlikləri həll etmək qüdrətini etiraf edirdi. Tədricən bir çoxları onu özlərinə müəllim seçib, onun hüzurunda elm öyrənməyə başladılar.

Artıq Şeyxin nüfuzu elə bir səviyyəyə çatmışdı ki, müxtəlif qrupları qorxuya salır və narahat edirdi. Sufilər və filosoflar ona həsəd aparır, onun elminə və biliyinə qibtə edirdilər. Amma Şeyxin nüfuzu yüksəldikcə, təvazökarlığı da artırdı və ünvanına söylənən təriflərə əsla əhəmiyyət vermirdi. O, camaatın zahiri dəbdəbəyə can atmasına təəccüb edir, insanların vəzifə və mənsəb ehtirasına heyrətlə baxırdı.

Bir müddət sonra Şeyx müqəddəs yerlərdən İrana səfər etmək fikrinə düşdü. O, İrana yollanmasının əsl səbəbini yoldaşlarından və dostlarından gizli saxlayırdı və zahirən belə göstərirdi ki, Həzrət İmam Rza (əs) ziyarət etmək məqsədilə müqəddəs Məşhədə getmək istəyir. Amma əslində o, Məşuqun məkanına doğru tələsirdi. Şeyx Fars körfəzindən keçərək, Şiraza yollandı. Yəni o yerə üz tutdu ki, orada Allahın xəzinəsi gizlənmişdi və bir müddətdən sonra o diyardan Allahın məzhərinin sədası hər yana yayılacaq, camaatı yeni yola dəvət edəcəkdi. Şirazda o, görünüşü və forması baxımından Kəbəni xatırladan bir Cümə məscidinə gedər və həmən məscidə daxil olan kimi deyərdi: «Doğrudan da, Allah evinin özünəməxsus əlamətləri vardır ki, onları yalnız bəsirət sahibləri anlaya bilərlər. Mən əminəm ki, bu məscidi tikən şəxs ilhamlı bir insan olmuşdur.» Beləcə Şeyx Şirazı o qədər tərifləyərdi ki, eşidənlər təəccüb qalardılar. Onlar məscidi öz gözləri ilə görsələr də, məsələnin mahiyyətindən xəbərsiz olduqları üçün Şeyxin danışığı və söylədiyi təriflər onlara qəribə gələrdi. Şeyx isə onlara deyirdi: «Təəccüblənməyin, tezliklə mənim sözlərimin sirri sizə bəlli olacaq. Sizlərdən bir çoxunuz o günü görəcəksiniz və əvvəlki peyğəmbərlərin arzuladıqları, lakin yetişmədikləri bir dövrana qovuşmaq şərəfinə nail olacaqsınız». Şiraz alimləri Şeyxin elmdə yüksək məqama çatdığına şübhə etmirdilər, buna görə də elə düşünürdülər ki, öz idraklarının zəifliyi ucbatından onun sözlərini anlaya bilmirlər. Bir qədər sonra Şeyx Yəzdə yollandı, müəyyən müddət orada qalıb lazımi həqiqətləri insanlara çatdırmaqla məşğul oldu və özünün əksər əsərlərini o şəhərdə qələmə aldı. Şeyxin şöhrətinin, onun bilik və elminin sədası tezliklə İran sultanı Fətəli şaha çatdı. O öz xətti ilə bir məktub yazıb Tehrandan Yəzdə — Şeyx Əhmədin hüzuruna göndərdi. Məktubun məzmunu olduqca çətin suallardan ibarət idi. Şah o vaxta qədər həmin sualları kimə vermişdisə, qənaətbəxş cavablar ala bilməmişdi. Buna görə Şeyxdən xahiş edirdi ki, suallara müfəssəl cavab yazıb ona göndərsin. Şeyx Əhməd bu münasibətlə «Risaleyi — sultaniyyə» (Sultan risaləsi) adlı əsərini qələmə alaraq, orada şahı düşündürən suallara ətraflı cavablar yazdı və sultanın hüzuruna göndərdi. İran şahı risalədəki dərin mətləblərə və gözəl ifadələrə elə valeh oldu ki, Şeyxə ikinci bir məktub yazıb ondan paytaxta gəlməyi xahiş etdi. Şeyx şaha belə cavab verdi: «Mən Nəcəf və Kərbəladan İrana onun üçün gəlmişəm ki, Xorasana gedib Həzrət Rza (əs) ziyarət edim. Sultandan rica edirəm ki, məni bu nemətdən məhrum etməsin. Ümidvaram ki, Xorasan ziyarətindən sonra, inşaallah, Tehrana gəlməyə və şahın mənə göstərdiyi lütfdən lazımınca faydalanmağa imkanım olacaqdır.»

Yəzddə qaldığı müddətdə Şeyx yaxınlaşmaqda olan Zühurun müjdəsini əhaliyə çatdırmaqla məşğul idi. Bu dövrdə Hacı Əbdülvəhhab (sələfilərin şeyxi ilə səhv salmamalı) adlı mömin bir şəxs Şeyxin yaxın sirdaşına çevrilmiş və söhbətlərindən onun əsl məqsədini anlamışdı. O hər gün Əbdülxaliq Yəzdi adlı məşhur bir alimlə bərabər Şeyxin hüzuruna gəlirdi. Çox vaxt elə olurdu ki, Şeyx Əhməd müəyyən bir mətləbi təklikdə Əbdülvəhhaba söyləmək istəyirdi. Buna görə də Əbdülxaliqdən üzr diləyib xahiş edərdi ki, onu Əbdülvəhhabla tək buraxsın. Belə davranış isə özünü böyük alim və nüfuz sahibi sayan Əbdülxaliqə ağır gələrdi.

Şeyx Yəzddən çıxıb getdikdən sonra Əbdülvəhhab camaatdan qaçar və heç kəslə ünsiyyətə girməzdi. Camaat elə düşünürdü ki, Əbdülvəhhab tərkidünya olub və sufilər cərgəsinə qoşulub. Müxtəlif sufi təriqətlərinin, o cümlədən, nemətullahilərin və zəhəbilərin başçıları onun düşməninə çevrildilər. Onlar elə güman edirdilər ki, Əbdülvəhhab yeni bir təriqət yaradıb özü də onun başında durmaq istəyir. Camaat arasında sufi kimi məşhurlaşan Əbdülvəhhab isə heç bir sufi təriqətinə yaxınlaşmır, təriqət rəhbərlərinin düşmənçiliyindən qorxmur və onlarla ünsiyyət belə saxlamırdı. Ümumiyyətlə, o, Nain şəhərindən olan Hacı Həsən adlı bir şəxsdən savayı heç kəslə oturub-durmurdu. O, Hacı Həsənlə səmimi münasibətdə idi və Şeyx Əhməd Əhsaidən öyrəndiyi sirləri ona açmışdı. Əbdülvəhhab dünyasını dəyişdikdən sonra Hacı Həsən onun yolunu davam etdirir və ləyaqətli bir şəxs gördükdə, ona vəd olunmuş Şəxsin zühurunun yaxınlaşdığını xəbər verirdi.

Kaşan şəhərində mən (müəllif: Məhəmməd Zərəndi) Kaşanın Qəmsər qəsəbəsindən olan Mirzə Mahmud adlı 90 yaşlı bir kişiyə rast gəldim və o, mənə bu əhvalatı nəql etdi:

«Gənclik çağlarında Kaşanda yaşayarkən tez-tez eşidirdim ki, Nain şəhərində bir nəfər camaata vəd olunmuş Şəxsin zühurunun yaxınlaşdığını xəbər verir və kim onunla görüşürsə, istər alim olsun, istər mənsəb sahibi, istərsə də adi adam, onun sözlərinin təsiri altında dünyadan əlini üzür. Bir müddət sonra mən bu məsələni şəxsən yoxlamaq qərarına gəldim. Qardaşlarıma heç bir şey demədən Nainə yollandım, Hacı Həsənlə görüşüb onun barəsində eşitdiklərimi öz gözümlə gördüm və vəd olunmuş Şəxsin zühurunun yaxınlaşmasına dair müjdəni öz qulağımla eşitdim. Hacı Həsənin təsirli nitqi vardı, bu da onun qəlbinin nurundan və ruhunun alovundan xəbər verirdi.

Bir gün sübh namazını qıldıqdan sonra Hacı Həsən mənə dedi ki, tezliklə yer üzü behiştə dönəcək və İran dünyadakı bütün insanların qibləsinə çevriləcək. Ertəsi gün dan yeri ağararkən gördüm ki, o, dizi üstə çöküb «Allahu əkbər» cümləsini dönə-dönə təkrar edir. Bir qədər keçdikdən sonra o mənə sarı baxıb dedi: «Mirzə Mahmud, zühuru barədə sənə müjdə verdiyim o müqəddəs Şəxs indicə anadan oldu. Bu, elə böyük bir insandır ki, öz nuru ilə bütün dünyanı işıqlandıracaq. Düzünü deyirəm, tezliklə sən həmin günləri öz gözlərinlə görəcəksən.»

Mirzə Mahmud danışırdı ki, Hacı Həsənin söylədiyi bu sözlər yaddaşıma həkk olundu və mən həmişə bu barədə düşünürdüm. Nəhayət, altmış yaşımda olarkən, vəd olunmuş Şəxsin sorağını eşitdim. Təəssüf ki, o zaman xəstələnib yorğan-döşəyə düşmüşdüm, ona görə də Şiraza gedib vəd olunmuş Şəxslə görüşmək şərəfinə nail ola bilmədim. Həmçinin Seyyid Bab Kaşan şəhərinə gəlib üç gecə Hacı Mirzə Caninin evində qonaq qaldığı vaxt mən bundan xəbər tutmadım və onun hüzuruna yetişmək səadətindən məhrum oldum. Sonralar Həzrət Babın Əmrinə iman gətirənlərdən O Həzrətin təvəllüd tarixini soruşdum. Dedilər ki, Həzrət Bab hicri 1235-ci il məhərrəm ayının 1-də (20 oktyabr 1819-cu il) anadan olub. Mən bu tarixin vəd olunmuş Şəxsin təvəllüdü barədə Hacı Həsən Naininin mənə dediyi tarixlə uyğun gəlmədiyini gördüm, çünki Hacı Həsənin vəd olunmuş Şəxsin doğulduğunu mənə bildirdiyi gün hicri 1233-cü il məhərrəm ayının 2-si (12 noyabr 1817-ci il) idi və həmin tarixlə Həzrət Babın təvəllüd tarixi arasında iki il fərq vardı. Bu məsələ mənim heyrət və çaşqınlığıma səbəb oldu. Bir müddət sonra mən Hacı Mirzə Kəmaləddin Nəraqi ilə görüşdüm. O mənə Həzrət Bəhaullahın Zühur etdiyini xəbər verdi və bildirdi ki, O Həzrət Bağdadda yaşayır. Bunun ardınca isə Həzrət Bəhaullahın əsərlərindən olan «Kəliməti-məknunə»dən farsca və ərəbcə bəzi parçaları və «Vərqaiyyə» qəsidəsindən bir neçə beyti mənim üçün oxudu. Bu mübarək kəlamlar mənim ruhumun dərinliklərinə güclü təsir göstərdi. Onun oxuduğu parçalardan ikisi hələ də yadımdadır: «Ey varlıq oğlu! Ürəyin mənim mənzilimdir, onu mənim gəlişim üçün təmizlə; ruhun mənim seyrangahımdır, onu mənim zühurum üçün saflaşdır»! Və: «Məni istəyirsənsə, məndən başqasını istəmə. Mənim camalıma baxmaq istəyirsənsə, bütün dünyaya göz yum, çünki mənə olan istəklə məndən başqasına olan istək od ilə su kimi bir ürəyə və bir könülə sığmaz».

Mən Hacı Kəmaləddindən Həzrət Bəhaullahın doğum tarixini soruşdum. Buyurdu ki, o mübarək vücud hicri 1233-cü il məhərrəm ayının 2-də (12 noyabr 1817-ci il) dan yeri sökülərkən dünyaya gəlib. Bunu eşidən kimi Hacı Həsən Naininin neçə illər öncə vəd olunmuş Şəxsin doğuluşu barədə mənə dediyi sözləri xatırladım, dərhal diz çöküb dedim: «İlahi, sənə min şükür ki, vəd etdiyin Günü mənə göstərdin, məni bu böyük nemətə və səadətə layiq bildin. Bundan sonra dünyada heç bir istəyim yoxdur. Əgər indicə əcəlim yetişsə, tam rahatlıqla canımı tapşırmağa hazıram!»

Mirzə Mahmud elə həmən il, yəni hicri 1274-cü (1857/58-ci) ildə vəfat etdi.

Mirzə Mahmuddan eşitdiyim bu əhvalat, eləcə də bir çox başqalarının bu qəbildən olan hekayətləri Şeyx Əhməd Əhsainin idrakının kamilliyinə və onun söhbətlərinin yaxın şagirdlərinin qəlbinə güclü təsir göstərdiyinə dəlalət edir.

Şeyx Əhməd Əhsai Yəzd şəhərini tərk etməyə hazırlaşarkən, müqəddəs ruhun sahibi və ilahi nurun daşıyıcısı Seyyid Kazım Rəşti Gilandan Şeyxin huzuruna gəldi və onun şagirdləri sırasına qoşuldu. Şeyx ilk dəfə onunla görüşərkən demişdi: «Xoş gəlmisən, neçə vaxtdır səni gözləyirəm ki, gəlib məni bu nadan güruhun əzabından qurtarasan. Mən bu camaatın biganəliyindən və bəd əməllərindən təngə gəlmişəm.» Ardınca isə bu ayəni oxumuşdu: «Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu göturməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə onu göturdu» (Əhzab surəsi, 72-ci ayə).

Seyyid Kazım Rəştinin şəxsiyyətindəki nəciblik və ruhundakı fövqəladə qüdrət hələ yeniyetməlik çağlarından özünü göstərməyə başlamışdı. O, bütün yaşıdlarından üstünlüyü ilə seçilirdi. On bir yaşında ikən o, Quranı başdan-ayağa əzbər bilirdi, on dörd yaşında çoxlu hədisləri və duaları yaddaşına həkk etmişdi. On səkkiz yaşında isə o, Qurandakı «Ayət əl-Kürsi»yə zəmanəsinin alimlərini heyrətə salan bir təfsir yazmışdı. Kiçikdən tutmuş böyüyə qədər onunla görüşən hər bir kəs onun gözəl əxlaqına, təvazökarlığına və möminliyinə heyran qalardı.

Hicri 1231-ci (1816-cı) ildə artıq 22 yaşına çatmış Seyyid Kazım qohum-əqrəbasını tərk edib Gilandan Şeyx Əhməd Əhsainin hüzuruna yollandı. Bu zaman Şeyx insanlara İlahi Zühurun yaxınlaşdığını xəbər verməkdə idi. Bir neçə həftə Şeyxin hüzurunda qaldıqdan sonra Şeyx ona dedi: «Daha mənim hüzuruma gəlmə, öz evində otur! Mənim şagirdlərimdən hər hansı birinin müəyyən çətinliyi olarsa, sənin yanına tələsməli və onun həllini səndən istəməlidir. Çünki Allah öz fəzli və səxavəti sayəsində sənə elə bir qüdrət bəxş edib ki, sən onların çətinliklərini həll edə və qəlblərinə rahatlıq gətirə bilərsən. Sən öz nitqinin qüdrəti ilə insanların biganəliyi ucbatından təravətini itirib zəifləmiş ulu baban Həzrət Rəsulullahın (s) dininə yeni həyat bəxş edəcəksən.»

Şeyxin Seyyid Kazıma dediyi bu sözlər onun bəzi şagirdlərinin qəlbində paxıllıq tonqalını alovlandırdı. Xüsusən Molla Məhəmməd Mamağani və Molla Əbdülxaliq Yəzdi hamıdan çox Seyyidə həsəd aparırdılar. Amma Şeyx Əhməd Əhsai şəxsən Seyyid Kazıma elə böyük ehtiram göstərirdi ki, bədxahlar və paxıllar da Seyyidin hörmətini saxlamağa məcbur olurdular. Digər tərəfdən onlar Seyyidin elmdə və hikmətdə onlardan üstün olduğunu aydın görürdülər.

Şeyx Əhməd Əhsai öz şagirdlərini Seyyid Kazım Rəştiyə tapşırdıqdan sonra Yəzddən Xorasana yollandı və bir müddət Məşhəd şəhərində qaldı. O, vaxtının çoxunu Həzrət Rza (əs) qəbrinin yanında keçirir və camaatı öz fikirləri ilə tanış edirdi. Şeyx insanları düşündürən çətin suallara cavab verir və Zühurun müjdəsini onlara çatdırırdı. O bilirdi ki, vəd olunmuş şəxsin doğum günü yaxınlaşır, tezliklə Onun zühuru barədə hədislərdə deyilənlər gerçəkləşəcək və ilahi nur Mazandaran nuru vasitəsilə öz işığını bütün dünyaya yayacaq. Beləliklə, «Siz öz Rəbbinizi göydəki on dörd gecəlik Ay kimi gördüyünüz halda Onu inkar edəcəksiniz» və «Qiyamət gününün əlamətlərindən biri də odur ki, insanlar öz Rəbblərinə qarşı düşmənçilik edəcəklər» hədislərinin sirri aşkar olacaq. Bu səbəbdən də Şeyxin ürəyi Nurun məkanına yetişməyə tələsirdi və o, şagirdlərindən bir neçəsinin və Seyyid Kazım Rəştinin müşayiəti ilə Xorasandan Tehrana yollandı.

Şeyx paytaxta yaxınlaşanda İran şahının əmri ilə bütün əyanlar və yüksək rütbəli məmurlar Tehrandan çıxıb onu layiqincə qarşıladılar. İran şahı Şeyxi və onun yoldaşlarını qonaq edib onların şərəfinə şahanə qəbul düzəltdi və şəxsən Şeyxin görüşünə gələrək, onu «ümmətin fəxri və rəiyyətin zinəti» adlandırdı.

Elə o dövrdə Tehranda Nur (Tehran əyalət) əhli olan şərəfli bir ailədə xoşbəxt bir körpə dünyaya gəldi. Bu, Həzrət Bəhaullahın mübarək mövludu idi. Onun daha çox Mirzə Buzurq  kimi tanınan möhtərəm atası Mirzə Abbas Nuri İranda məşhur vəzirlərdən biri idi. Həzrət Bəhaullah hicri 1233-cü il məhərrəm ayının 2-də (12 noyabr 1817-ci il) səhərə yaxın anadan oldu. Dünya bu tarixin əhəmiyyətindən xəbərsiz idi, amma həmin gün elə bir Şəxs dünyaya gəldi ki, sonralar öz səxavət süfrəsindən insanlara saysız-hesabsız nemətlər paylayacaqdı. Yalnız Şeyx Əhməd bu böyük sirdən xəbərdar idi, ona görə də ömrünün qalan həssəsini Tehranda, yəni Allah tərəfindən vəd olunmuş Şəxsin vətənində keçirmək istəyirdi. Amma o, ilahi əmrlə hesablaşmalı və öz sevimli şəhəri ilə vidalaşmalı olub Tehrandan Kirmanşaha getdi. Kirmanşahın hakimi Fətəli şahın böyük oğlu Məhəmmədəli Mirzə idi. O, şaha xüsusi yaxınlığı ilə seçilirdi və şah onun xətrini çox istəyirdi. Şeyx Kirmanşaha gələndə şahzadə atasına müraciət edib şəxsən Şeyxin xidmətində durmasına icazə verməsini xahiş etdi. Şah da buna icazə verdi.

Dediyimiz kimi, Şeyx Tehranla vidalaşıb bütün işləri ilahi təqdirin ixtiyarına buraxdı. Tehranı tərk etməzdən öncə o, mərhəmətli Allahın dərgahına üz tutub dilədi ki, yeni doğulmuş körpəni qorusun və bu ilahi xəzinəni hifz etsin, həmçinin həmvətənlərinin Onun böyüklüyünü anlamasına və Onun Əmrinə itaət göstərməsinə yardımçı olsun.

Bundan əlavə, Şeyx Kirmanşaha gələn kimi şagirdlərindən bir neçəsini seçib onlara yeni Əmrə kömək göstərməyə hazırlaşmağı tapşırdı. Eyni zamanda o, bir çox əsərlərində, xüsusən «Şərh əz-ziyarət» (Ziyarətin şərhi) adlı kitabında yüksək ibarələr və parlaq ifadələrlə müqəddəs imamların fəaliyyətini təsvir etdi və vəd olunmuş Şəxsin zühuru barədə müqəddəs imamların (onların hamısına salam olsun!) söylədiyi kəlamları həmin əsərlərdə ayrıca qeyd etdi. Şeyx çox vaxt «Hüseyn» adını işlətmiş, eləcə də «Əli» adını dönə-dönə xatırlatmışdı. Amma «Hüseyn» dedikdə onun məqsədi şəhid Hüseyn deyildi, yeni doğulmuş Hüseyn idi. «Əli» dedikdə isə o, Zühurun müjdəsini verəcək Şəxsi (Hz Babı) nəzərdə tuturdu. Şeyx ona verilən sualların cavabında çox vaxt vəd olunmuş Günün əlamətlərinin meydana çıxdığına işarə edirdi və bildirirdi ki, bu əlamətlər istər-istəməz vəd olunmuş Şəxsin zühurunun yaxınlaşmasından xəbər verir. Şeyxin bir oğlu vardı, adı da Şeyx Əli idi. Həzrət Babın doğulduğu ildə Şeyxin oğlu vəfat etmişdi. Şagirdləri Şeyxin oğlunun ölümünə çox təəssüflənmişdilər. Şeyx isə onlara demişdi: «Mənim oğlumun ölümünə kədərlənməyin, çünki mən onu sizin hamınızın gözlədiyi Əlinin yolunda fəda etmişəm. Mən oğlumu bu məqsəd üçün bəsləmişdim.»

Həzrət Babın mübarək adı Seyyid Əli Məhəmməd idi və O, hicri 1235-ci il məhərrəm ayının 1-də (20 oktyabr 1819-cu il) Şirazda anadan olmuşdu. Bu Böyük İnsanın doğulduğu ailə peyğəmbərin nəslindən idi və camaat arasında öz əsli-nəcabəti ilə məşhur idi. Həzrət Babın atası Seyyid Məhəmməd Rza peyğəmbərin nəslinə mənsub idi, həmçinin anası da peyğəmbər övladlarından idi və onların hər ikisi şərəfli və ləyaqətli insanlar olmuşlar…

Şeyxin Kirmanşahda qaldığı müddətdə şahzadə Məhəmmədəli Mirzə canla-başla ona xidmət göstərirdi. Bir dəfə Şeyx onun barəsində demişdi: «Mən Məhəmmədəlini öz oğlum sayıram, baxmayaraq ki, o, Fətəlinin övladıdır.» Həmin dövrdə Şeyxin hüzurunda çoxlu adamlar və şagirdlər olar, ondan dərs öyrənərdilər. Amma Şeyx Seyyid Kazımdan başqa heç kəsə xüsusi diqqət yetirməzdi, onu hamıdan seçib fərqləndirmişdi ki, dünyadan getdikdən sonra onun yerinə keçsin və onun məqsədlərini həyata keçirsin.

Bir gün Şeyxin hüzurunda olan şəxslərdən biri soruşdu: «Hədislərdə deyildiyinə görə, vəd olunmuş Həzrət zühur etdiyi zaman elə bir söz söyləyəcək ki, dünyanın başçıları və onun xidmətində olan 313 nəfər o sözü eşidən kimi qaçmağa başlayacaqlar. O, hansı sözdür?» Şeyx buyurdu: «Sən hansı cəsarətlə dünya başçılarının tab gətirməyəcəyi sözü eşitmək istəyirsən? Mümkünsüz işə girişmə, çünki bu, deyiləsi söz və açılası sirr deyil. Tövbə et və bu sualı bir də təkrar etmə!» Lakin həmin təkəbbürlü şəxs öz sualını təkrar edib cavab verməyi Şeyxdən israrla xahiş etdi. Axırı Şeyx ona dedi: «Əgər sən həmən gündə olsan və sənə desələr ki, Əlinin övliyalılığını inkar et, nə edəcəksən?!» Sual verən adam səsini ucaldıb dedi: «Allah o günü göstərməsin, belə bir şey heç cür mümkün deyil, necə ola bilər ki, vəd olunmuş Həzrətin dilindən belə sözlər çıxsın?!» Əslində Şeyx bu sözlərlə həmən adamı sınaqdan keçirdi və onun imanındakı naqislik üzə çıxdı. O biçarə bilmirdi ki, vəd olunmuş Həzrət hədsiz qüdrət və ixtiyar sahibidir, heç kəs Onun qarşısında etiraz və mübahisə edə bilməz, çünki O, istədiyini Edən və istədiyinə hökm Verənin» məzhəridir, kim onunla münaqişəyə girsə, ilahi fəzldən məhrum olar və qafillər cərgəsində qalar. Lakin Şeyxin şagirdlərinin əksəriyyəti onun həmən şəxsə verdiyi cavabın əsl məqsədini başa düşmədi və bu sirri anlamadı.

Şahzadə Məhəmmədəli Mirzə vəfat etdikdən sonra Şeyx Kərbəlaya yollandı. O, yalnız şahzadənin xahişinə görə Kirmanşahda belə uzun müddət qalası olmuşdu. Şeyx Kərbəlada şəhidlərin ağası Həzrət İmam Hüseyn (əs) qəbrinin ətrafına dolanırdı, amma bunun mənası gerçək və vəd olunmuş Hüseynin ətrafına dolanmaq idi. Şeyxin ürəyi və könlü münacat və dualar zamanı məhz Ona doğru yönəlirdi. Kərbəlada çoxlu alimlər onun görüşünə gəlirdi. Onların əksəriyyəti Şeyxin şöhrətinə paxıllıq edirdi. Hətta bəziləri onun məqamına yüksəlməyə çalışır, Şeyxi gözdən salmağa cəhd göstərirdilər, lakin nə qədər çalışsalar da, məqsədlərinə nail olmurdular.

Bir müddət sonra Şeyx Məkkə və Mədinəni ziyarət etmək niyyətilə səfərə çıxdı. Kərbəlanı tərk etməzdən öncə o, Seyyid Kazımı öz yerinə təyin etdi, ona öz sirlərini açdı, insanlara düzgün yol göstərmək, ləyaqətli könülləri istiqamətləndirmək vəzifəsini ona həvalə etdi. Seyyid Kazım istədi ki, Nəcəfə qədər Şeyxi müşayət etsin, amma Şeyx razı olmadı və ayrılarkən ona dedi: «Vaxtı hədər yerə əldən vermə! Hər saatı qənimət bil, çalışqanlıq kəmərini möhkəm bağla, gecə-gündüz səy göstər ki, camaatın gözünü örtmüş pərdələri aradan qaldırasan. Düzünü deyirəm, vaxt yaxınlaşıb, mən Allahdan istəmişəm ki, O Vaxt mən olmayım, amma o vaxt tezliklə yetişəcək. Mən ona görə olmaq istəmədim ki, o Vaxt ilahi sınaqlar çox böyük olacaq. Allahdan arzum budur ki, səni o təhlükəli Günün qorxu və əzabından xilas etsin, çünki bizlər o Günün ağırlığına qatlaşa bilmərik. O gün üçün ayrı şəxslər müəyyənləşdirilib. Onlar elə şəxslərdir ki, könüllərində bu dünyanın nemətlərinə bağlılıqdan əsər-əlamət yoxdur. Qadir Allah onlara kömək göstərəcək və yardımçı olacaq.» Şeyx bu sözləri dedikdən sonra Seyyidlə vidalaşdı və ona tapşırdı ki, çətinliklərə və əziyyətlərə sinə gərsin. Bunun ardınca «Allah amanında!» deyib yola düşdü.

Seyyid Kazım Kərbəlada Şeyxin təlimini yaymaqla məşğul olur və bütün qüvvəsi ilə onu müdafiə edirdi. Əgər kimsə ondan bir şey soruşurdusa, elə cavab verirdi ki, hamı heyran qalırdı. Bu səbəbdən nadan paxıllar onun əleyhinə çıxmağa başladılar. Onlar açıq-aşkar deyirdilər: «Biz qırx il ərzində heç bir etiraz etmədən şeyxin təlimini qəbul edib dözmüşük. İndi də Seyyid Kazım Şeyx kimi bir məqama iddia edir. Daha biz dözə bilmirik və bu cür müddəaları eşitməyə hövsələmiz çatmır. Seyyid deyir ki, cismani qiyamət bir xəyaldır, cismani merac həqiqətə uyğun deyil, Zühur Gününün əlamətləri zahiri yox, batini mənada başa düşülməlidir. Bütün bu fikirlər İslamın prinsiplərinə ziddir. Kim bu cür fikirləri yaymaqla məşğul olursa, əslində insanları yolundan azdıran bir bidətin əsasını qoyur.»

Onlar çoxlu belə sözlər söyləyirdilər, lakin Seyyid onların etirazlarına və sözlərinə əhəmiyyət vermirdi, əksinə, bu, onu daha səbatlı və daha mətin edirdi. Nəhayət, Seyyid Şeyxə bir məktub yazdı və orada əleyhdarlarının ona etdiyi zülmləri qələmə aldı. Eyni zamanda sual etdi ki, mən nə vaxta kimi bu inadkar tayfanın cəhalət və təəssübünə dözməliyəm, Zühurun zamanı və vəd olunmuş Şəxsin gəlişi nə vaxt olacaq, mən düşmənlərin şərindən nə vaxt qurtulacağam? Şeyx bu məktubun cavabında yazmışdı: «Allaha təvəkkül et, düşmənlərin zülmü səni kədərləndirməsin. Tezliklə Allah-taala bu işin sirrini aşkar edəcək və məqsədin çöhrəsindən pərdəni götürəcək. Bundan artıq bir şey demirəm və heç bir vaxt təyin etmirəm.» Bu sözlərin ardınca Şeyx aşağıdakı Quran ayələrini də məktubuna əlavə etmişdi: «Siz onun verdiyi xəbəri bir müddətdən sonra mütləq biləcəksiniz» (Sad surəsi, 88-ci ayə); «Sizə bəlli olanda qanınızı qaraldacaq şeylər barəsində soruşmayın» (Maidə surəsi, 101-ci ayə). Şeyxin cavabı Seyyidin qəlbinə rahatlıq gətirdi və o, əleyhdarlarının hücumlarına daha da mətanətlə sinə gərməyə başladı.

Şeyx Əhməd Əhsai hicri 1242-ci (1826/27-ci) ildə vəfat etmişdir. O, səksən bir il ömür sürmüşdür. Onun qəbri nurlanmış Mədinə şəhərindəki Bəqi qəbristanlığında Həzrət Peyğəmbər (əs) məqbərəsinin arxasındadır.

Şeyx Əhməd Əhsainin vəfatı Seyyid Kazımı bərk kədərləndirdi. Digər tərəfdən də düşmənləri ona qarşı hücumlarını gücləndirir, onu ələ salır və təhqir edirdilər. Şiə alimlərindən olan Seyyid İbrahim Qəzvini camaatı onun üstünə qaldırır və müəyyən adamları Seyyid Kazımı öldürməyə təhrik edirdi. Buna baxmayaraq, Seyyid Kazım ustadının vəsiyyətlərini yerinə yetirməkdən əl çəkmirdi. Eyni zamanda düşünürdü ki, əgər İranın böyük alimlərindən bir-ikisinin dəstəyini qazansa, düşmənlərinin hücumunun qarşısını ala bilər. Bunun üçün nəzərdə tutmuşdu ki, İsfahanda yaşayan və nüfuz sahibi olan, həmçinin Şeyxin təlimi ilə tanış olan Seyyid Məhəmməd Bağır Rəştini öz tərəfinə çəksin. Həmin niyyəti həyata keçirmək üçün qərara gəldi ki, şagirdlərinin içərisindən bir nəfəri seçib İsfahana — Seyyid Məhəmməd Bağırın yanına göndərsin.

Bir gün şagirdlərini yığıb dedi: «Sizin aranızda elə bir şəxs varmı ki, tam qətiyyətlə İsfahana gedib mənim sifarişimi Seyyid Məhəmməd Bağır Rəştiyə çatdırsın?! Əgər varsa, qoy gedib mənim adımdan bu sözləri ona desin: Şeyx Əhmədin sağlığında sən onun tərəfdarı idin və onun davamçılarını düşmənlərin şərindən qoruyurdun. İndi nə olub ki, Şeyxin vəfatından sonra bizi müdafiə etməkdən əl çəkmisən və Şeyxin şagirdlərini düşmənlərin ixtiyarına buraxmısan?!

Sizlərdən hansınız bu səfərə razılıq versə, gərək Allah Təalaya təvəkkül etsin və əgər adı çəkilən alim tərəddüd etsə, yaxud naməlum bir səbəbdən bizi dəstəkləməkdən çəkinsə, onun tərəddüdünü aradan qaldıra bilsin, son nəticədə onu Şeyxin təliminin düzgünlüyünü yazılı şəkildə təsdiq etməyə və bizi dəstəklədiyini bəyan etməyə razı sala bilsin. Buna nail olduqdan sonra İsfahandan Məşhədə yollansın və o bölgənin ən böyük alimi olan Mirzə Əsgəri ilə də eyni cür danışıqlar aparıb ondan bizə yardım göstərəcəyinə təminat alsın, sonra da geri dönsün.»

Seyyid Kazımın şagirdləri içərisində Mirzə Mühit Kirmanidən başqa heç kəs bu mühüm vəzifəni öz öhdəsinə götürməyə hazır olduğunu bildirmədi. Seyyid Kazım ona dedi: «Bu, şirin quyruğundan yapışmaq kimi bir şeydir, bu işi zarafat sanma!» Digər şagirdlərinin susduğunu görən Seyyid Kazım üzünü Molla Hüseyn Büşruyiyə tutub dedi: «Bu mühüm vəzifənin yerinə yetirilməsi səndən asılıdır, səfərə hazırlaş, yəqin bil ki, mərhəmətli Allah sənə yardımçı olacaq və sən uğur qazanacaqsan.»

Molla Hüseyn bunu eşidən kimi hədsiz sevinclə Seyyidin ətəyini öpdü və həmin vəzifəni yerinə yetirəcəyini bildirib tam inamla İsfahana tərəf yola düşdü. Şəhərə çatan kimi azacıq da olsa dincəlmək və üstbaşını səliqəyə salmaq barədə düşünmədən birbaşa İsfahan aliminin dərs dediyi yerə yollandı.

Seyyid Məhəmməd Bağırın şagirdləri gözəl libaslar geyinmiş halda onun hüzurunda əyləşmişdilər və əynində cırıq-sökük paltar olan Molla Hüseyni gördükdə ona tam etinasız yanaşdılar. Amma Molla Hüseyn də onlara əhəmiyyət vermədi və şagirdlərin sıraları arasından keçib düz Seyyid Məhəmməd Bağırın qarşısında oturdu. Sonra da tam cəsarətlə Seyyidə müraciət edərək dedi: «Ey böyük alim, mənim sözlərimi dinlə! Əgər dediklərimə qulaq assan və onlara uyğun hərəkət etsən, Rəsulullahın müqəddəs dininə yardım göstərmiş olarsan, yox, əgər mənim sözlərimə əhəmiyyət verməyib onlara əməl etməsən, müqəddəs İslam dininə zərər vurmuş olarsan». Molla Hüseyn tam cəsarətlə, heç kəsdən qorxub-çəkinmədən bu minvalla sözlərini davam etdirdi. Seyyid buna məəttəl qalıb dərhal dərsini dayandırdı və şagirdlərinə heç bir diqqət yetirmədən Molla Hüseynin dediklərinə qulaq asmağa başladı. O, bu qərib müsafirin hər bir kəlməsini diqqətlə dinləyirdi. Qonağın cəsarətindən heyrətə düşmüş Seyyidin şagirdləri isə hay-küy salıb onun sözlərini səfehlik nümunəsi kimi dəyərləndirdilər. Molla Hüseyn isə tam nəzakətlə onlara yanıldıqlarını sübut etdi və təkəbbürlü davranışlarına görə onlara irad tutdu. Seyyid Rəşti qonağın cəsarətinə sevinib şagirdlərinə susmağı əmr etdi, sonra Molla Hüseynə dedi ki, mətləbə keçsin.

Molla Hüseyn Seyyid Kazım Rəştinin sözlərini ona çatdırdı. Seyyid dedi: «Mən əvvəllər Şeyx Əhmədin və Seyyid Kazımın fikirlərinin İslam dininə uyğun olduğunu zənn edirdim. Amma son dövrdə Şeyxin və Seyyidin əsərlərində elə mətləblərə rast gəldim ki, mənim əvvəlki mövqeyim alt-üst oldu. Qərara gəldim ki, yaxşısı budur susum, nə tərifləyim, nə də pisləyim, nə tərəfdarlıq edim, nə də etiraz.»

Molla Hüseyn dedi: «Sizin susmağınıza təəssüf edirəm, çünki bu susmaq sizi Allah kəlamının ən yüksək səviyyəsinə çatmaqdan məhrum edəcəkdir. Rica edirəm, Şeyxin və Seyyidin sözlərində sizi çəkindirən mətləbləri söyləyin, imkan verin ki, mən onları sizə şərh edim və dumanlı məsələlərə aydınlıq gətirim». Gənc müsafirin inam və qətiyyətindən heyrətə düşmüş Seyyid ona dedi: «Olarmı ki, bu söhbəti başqa vaxta saxlayaq və münasib bir vaxtda biz ikilikdə, üçüncü bir şəxsin iştirakı olmadan, həmin məsələləri müzakirə edək, mən də öz şübhələrimi səninlə bölüşüm?!» Molla Hüseyn məsələni təxirə salmağa lüzum görmədiyini bildirdi və Seyyiddən xahiş etdi ki, vaxt itirmədən müzakirəyə başlasınlar.

Molla Hüseynin cəsarəti, onun simasında aydın görünən səmimilik və nəcibliyi Seyyidi o qədər mütəəssir etdi ki, göz yaşlarını saxlaya bilmədi. Adam göndərib Şeyxin və Seyyid Kazımın kitablarını gətirtdi və onda sual doğuran yerləri göstərdi. Molla Hüseyn birbəbir onlara aydın və inandırıcı cavablar verdi. Söhbət o vaxta qədər davam etdi ki, müəzzinin səsi ucaldı və hamını axşam namazına dəvət etdi. Ertəsi gün yenidən məclis quruldu, Seyyid və şagirdləri hamılıqla sakit oturub Molla Hüseynin son dərəcə bəlağətli nitqinə qulaq asdılar. Molla Hüseynin möhkəm dəlilləri və şirin danışığı məclis iştirakçılarına qeyri-adi təsir bağışladı. Seyyid Məhəmməd Bağırı Molla Hüseynin dedikləri tam qane etdi və o, söz verdi ki, ertəsi gün Şeyxin və Seyyid Kazımın məqamının ucalığı barədə fikirlərini yazılı şəkildə bildirəcək. Vədinə uyğun olaraq, o, Şeyx Əhməd və Seyyid Kazımın fəzilətləri barədə geniş bir məktub yazdı və qeyd etdi ki, onlara qarşı çıxmaq əslində İslam dininə qarşı çıxmaq deməkdir. Eyni zamanda o, Molla Hüseynin elmini və əxlaqını xeyli təriflədi, eləcə də Seyyid Kazımın böyüklüyünü təsdiq etdi. Məktubda o, əvvəlki davranışına görə üzr istəyərək, açıq şəkildə yazmışdı ki, gələcəkdə bunun əvəzini verməyə çalışacaqdır.

Məktub başa çatdıqdan sonra Seyyid onu şagirdlərinin yanında ucadan oxudu və açıq şəkildə Molla Hüseynə verib dedi: «Bu, mənim fətvamdır, hansı təbəqəyə mənsubluğundan asılı olmayaraq, bu məktubu istədiyin şəxsə göstər, qoy bilsinlər ki, mənim Seyyid Kazım Rəştiyə bağlılığım nə dərəcədədir!»

Molla Hüseyn getməyə icazə alıb Seyyidin hüzurunu tərk etdi. Seyyid özünün yaxın adamlarından birinə dedi ki, Molla Hüseynin ardınca gedib onun harada qaldığını öyrənsin. Həmən şəxs bir qədər aralıdan Molla Hüseyni izləməyə başladı. Axırı gördü ki, Molla Hüseyn bir mədrəsənin həyətinə girib oradakı hücrələrdən birinə daxil oldu. Hücrənin döşəməsi cırıq bir həsirdən ibarət idi. Molla Hüseyn namaz qıldıqdan və Allahın dərgahına dua etdikdən sonra öz əbasına bürünüb yatdı. Həmən şəxs gördüklərini Seyyidə çatdırdı. Ertəsi gün Seyyid Molla Hüseynə yüz tümən pul göndərdi və ona layiqincə xidmət göstərə bilmədiyi üçün üzr dilədi. Molla Hüseyn pulu qəbul etməyib Seyyidin göndərdiyi adama dedi: «Möhtərəm alimə mənim adımdan söylə ki, uca məqamınıza və yüksək rütbənizə baxmayaraq, kimsəsiz bir qəribə göstərdiyiniz ehtiram və mehribanlıq mənə bəsdir, mənim pula ehtiyacım yoxdur, çünki mən mükafat və muzd üçün bu səfərə razılaşmamışam. «Biz sizi yalnız Allah rizasından ötrü yedirdirik, biz sizdən nə bir mukafat, nə də təşəkkür istəyirik.» (İnsan surəsi, 9-cu ayə). Ümidvaram ki, dünyanın mənsəbi heç zaman o qüdrətli alimin haqqı və həqiqəti etiraf etməsinə mane olmayacaq.»

Hacı Seyyid Məhəmməd Bağır Rəşti Həzrət Babın zühur etdiyi 1260-cı (1844-cü) ildən əvvəl dünyasını dəyişdi və ömrünün son günlərinədək bir an da Seyyid Kazıma yardımını dayandırmadı, daim onu tərifləməklə və təbliğ etməklə məşğul oldu.

Molla Hüseyn İsfahanda vəzifəsini yerinə yetirdikdən sonra Seyyidin məktubunu öz böyük ustadına göndərdi və qərara aldı ki, Məşhədə gedib Mirzə Əsgəri ilə də görüşsün. Seyyidin məktubu Seyyid Kazıma çatan kimi o, dərhal Molla Hüseynə məktub yazıb onun zəhmətini yüksək qiymətləndirdi və dərs zamanı Seyyid Məhəmməd Bağırın fətvasını, eləcə də özünün Molla Hüseynə yazdığı məktubu şagirdlərinə oxudu. Seyyid Kazım Molla Hüseyni o qədər tərifləmiş, onun əxlaq və istedadını elə yüksək qiymətləndirmişdi ki, şagirdlərindən bəziləri ustadlarının daim zühurunun yaxınlaşmasından danışdığı gözlənilən şəxsin məhz Molla Hüseyn olduğunu güman etmişdilər. Seyyid Rəştinin məktubu Molla Hüseynə böyük təsir göstərmiş, düşmənlərin hücumları qarşısında onun müqavimət gücünü artırmışdı. Məktubun məzmunundan belə anlaşılırdı ki, daha bu dünyada ustadı ilə görüşmək Molla Hüseynə qismət olmayacaq. Seyyid Rəşti məktubda özünün seçilən və sevimli tələbəsinə vida sözləri yazmışdı.

Seyyid Kazım Rəşti bilirdi ki, gözlənilən Şəxsin Zühuru yaxınlaşmaqdadır. Digər tərəfdən əmin idi ki, camaatın bu məsələni dərk etməsinə imkan verməyən çoxsaylı maneələr mövcuddur. Ona görə də bütün biliyini sərf edərək, bu maneələri aradan qaldırmağa və insanları zühur gününə hazırlamağa səy göstərirdi. O, daim şagirdlərinə deyirdi: «Gözlənilən Şəxs Cabilğa və Cabilsadan gəlməyəcək, ola bilər ki, O böyük İnsan indi sizin aranızdadır, siz Onu öz gözlərinizlə görürsünüz, lakin tanımırsınız. O, peyğəmbərin (s) nəslindən və Haşimi tayfasındandır. Gəncdir, fitri bilik sahibidir. Onun bilikləri Şeyx Əhmədin təlimindən yaranmayıb, O, ilahi elmə yiyələnib. Mənim biliklərim onun elmi qarşısında dəryadan bir damla kimidir. Mən torpağın bir zərrəsinə, O isə Pak Allaha bənzəyir. O, orta boyludur, tənbəki çəkmir.»

Şagirdlərin bəziləri elə güman edirdilər ki, vəd olunmuş şəxs Seyyid Kazımın özüdür, ona görə də deyilən əlamətləri birbir onunla tutuşdururdular.

Seyyidin şagirdlərindən biri bu məsələni açıq şəkildə bildirdikdə, Seyyid Kazım elə qəzəbləndi ki, az qala onu şagirdləri sırasından xaric edəcəkdi. Molla Mehdi Xoyi adlı bu şagird Seyyiddən rica etdi ki, onu bağışlasın və öz günahına görə tövbə etdi.

Şeyx Həsən Zünuzi mənə (müəllifə) aşağıdakı əhvalatı danışmışdı:

«Mən də o kəslərdən idim ki, Seyyid Kazımı vəd olunmuş Şəxs sayırdılar. Və daim Allahdan diləyirdim ki, əgər yanlış yola getmişəmsə, məni ayıltsın. O qədər narahat idim ki, günlərlə çörək yeyə və yata bilmirdim. Daim Seyyidin xidmətində olurdum və ona son dərəcə bağlı idim.

Bir gün sübh tezdən Seyyidin yaxın adamlarından olan Molla Novruz məni yuxudan oyadıb dedi: «Arxamca gəl!» Mən ayağa durdum və biz birlikdə Seyyid Kazımın mənzilinə getdik. Gördüm ki, Seyyid paltarını geyinib, əbasını çiyninə atıb, sanki harasa getməyə hazırlaşır. Mənə baxıb dedi: «Şəhərə hörmətli bir şəxs gəlib, istəyirəm ki, səninlə birgə onu görməyə gedəm.» Hava yavaş-yavaş işıqlaşırdı. Biz yola düşdük, Kərbəlanın bəzi küçələrindən keçib bir evin qarşısında dayandıq.  Qapının ağzında bir gənc durmuşdu. Başında yaşıl rəngli əmmamə vardı. Üz-gözündən təsvirəgəlməz bir lütf və təvazökarlıq yağırdı. O, deyəsən, bizi gözləyirdi. Bizi görən kimi yaxına gəldi, Seyyidi qucaqlayıb ona hədsiz iltifat göstərdi. Seyyid Kazım da həmin gənclə böyük ehtiramla davranırdı və onun qarşısında sakit dayanmışdı. Biz başımızı aşağı salıb evə girdik, pillələrlə yuxarı qalxıb bir otağa daxil olduq. Otaqda xoş qoxulu güllər vardı, hər yanı ətir bürümüşdü. Gənc bizə oturmağa yer göstərdi. Bizim bütün varlığımıza sevinc və şadlıq hakim kəsilmişdi. Otağın ortasında şərbətlə dolu bir qab vardı, yanında da gümüş piyalə qoyulmuşdu. Ev sahibi piyaləni şərbətlə doldurub Seyyid Kazıma uzatdı və dedi: «Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir.» (İnsan surəsı, 21-ci ayə). Seyyid şərbətlə dolu qabı gənc ev sahibindən aldı və son qətrəsinə qədər içdi. Onun üzündə elə bir sevinc yarandı ki, təsvir etmək mümkün deyil. Sonra ev sahibi piyaləni şərbətlə doldurub mənə verdi, amma heç bir söz demədi. Seyyid ilə gəncin söhbəti bir müddət davam etdi. Gənc daim Seyyidin sözlərinə Quran ayələri ilə cavab verirdi. Müəyyən vaxtdan sonra ayağa durduq. Ev sahibi bizi qapıya qədər ötürdü, yenə də bizə sonsuz ehtiramını büruzə verdi.

O gəncin əzəməti və gözəlliyi məni son dərəcə heyrətləndirmişdi. Məni heyrətə salan digər məsələ bu idi ki, Seyyid Kazımın gümüş qabdan şərbət içdiyini görmüşdüm. Halbuki islam şəriətinə görə, qızıl və gümüş qabdan istifadə etmək haramdır. Nə qədər istədim ki, Seyyidin həmən gəncə hədsiz hörmətinin səbəbini soruşum, bacarmadım. Seyyidin o gəncə hörməti şəhidlərin ağasının (İmam Hüseynin) məqbərəsinə göstərdiyi ehtiramdan artıq idi.

Üç gündən sonra həmən Gənc Seyyidin hüzuruna gəldi və qapının yanında əyləşib ədəblə Seyyidin dərsinə qulaq asmağa başladı. Seyyid Kazımın gözü gəncə sataşan kimi sözünə ara verib duruxdu. Şagirdlərdən biri xahiş etdi ki, o, sözünə davam etsin. Seyyid «nə deyim?» söyləyib köksünü ötürdü. Sonra həmən gəncə tərəf dönüb əlavə etdi: «Həqiqət o ətəyə düşmüş gün işığından da aşkardır.» Mən baxıb gördüm ki, o gəncin ətəyinə günəş işığı düşüb. Yenə həmən şagird Seyyiddən soruşdu: «Nə üçün vəd olunmuş Şəxsin adını bizə demirsiniz və onu bizə nişan vermirsiniz?» Seyyid barmağı ilə boğazına işarə etdi! Bununla demək istəyirdi ki, əgər vəd olunmuş Şəxsin adını söyləyib özünü göstərsəm, hər ikimizi qətlə yetirərlər. Məni daha da heyrətləndirən bu idi ki, Seyyid Kazım dönə-dönə deyirdi: «İnsanlar o qədər yollarını azıblar ki, əgər mən vəd olunmuş Şəxsi onlara təqdim edib «mənim və sizin gözlədiyimiz Şəxs budur» desəm, hamı onu inkar edəcək, heç kəs onu qəbul etməyəcək».

Seyyid Kazım Rəşti bayaqkı sözləri deyəndə barmağı ilə həmin cavanın ətəyinə işarə etsə də, heç kəs bu işarə ilə onun nə demək istədiyini anlamadı. Mən yavaş-yavaş başa düşürdüm ki, Seyyid Kazım vəd olunmuş Şəxs deyil. Daim o gənc barəsində fikirləşirdim ki, görəsən, o kimdir və onda bu qədər cazibə hardandır. Dəfələrlə istədim ki, Seyyid Kazımdan o gəncin haqqında nə isə soruşum, amma Seyyidin zəhmi və əzəməti məni sual verməkdən çəkindirdi. Seyyid Kazım isə bir neçə dəfə mənə demişdi: «Ey Şeyx Həsən, xoş sənin halına ki, adın Həsəndir, işinin əvvəli də gözəldir, axırı da gözəldir. Sən Şeyx Əhməd Əhsainin hüzurunda olmusan, müəyyən bir müddəti mənimlə keçirmisən, gələcəkdə də böyük sevincə qovuşacaqsan. Sən elə bir şey görəcəksən ki, onu heç bir göz görməyib, heç bir qulaq eşitməyib, hətta kimsənin xəyalına belə gəlməyib».

Mən dəfələrlə qərara almışdım ki, o gənclə görüşüb adını və əsl-nəsəbini öyrənim. Bir neçə dəfə onu şəhidlərin ağasının məqbərəsində dua edən görmüşdüm. O, heç kəsə fikir vermədən gözlərindən yaş axıdır və ayələrə bənzəyən olduqca bəlağətli kəlmələr söyləyirdi. Eşidirdim ki, dönə-dönə «ey mənim Allahım və könlümün məhbubu» deyir. Çox vaxt orada namaz qılanlar namazlarını yarımçıq kəsib o gəncin sözlərinə qulaq asırdılar, onun itaətkarlıq və təvazökarlığına heyrət edirdilər. O ağlayanda istər-istəməz hamı ağlamağa başlayırdı. Adamlar ziyarət və ibadət qaydalarını ondan öyrənirdilər. Bu gənc seyyid ibadətini qurtardıqdan sonra heç kəslə danışmayıb birbaşa öz mənzilinə yollanırdı. Mən bir neçə dəfə onunla söhbət etmək istəmişdim, amma ona yaxınlaşanda hansısa gizli bir qüvvə məni tutub saxlayırdı. Bunu heç cür izah edə bilmirəm. Mən ordan-burdan soruşub yalnız bunu öyrənə bilmişdim ki, həmən gənc Şiraz tacirlərindəndir, alimlər sırasına daxil deyil, özünün və qohumlarının Şeyx Əhmədə və Seyyid Kazıma xüsusi rəğbəti var. Sonralar eşitdim ki, o, Nəcəfə yollanıb, oradan da Şiraza gedəcək.

O gənc həmişə mənim yadımda idi, məndə ona qarşı güclü maraq oyanmışdı. Bir müddət sonra eşitdim ki, bir gənc Şirazda özünü «Bab» (qapı) elan edib. Dərhal ağlıma gəldi ki, bu, mənim əvvəllər Kərbəlada gördüyüm həmən əzəmətli gənc olar. Bu xəbəri eşidən kimi Kərbəladan Şiraza yollandım, lakin O Həzrət orada deyildi, Məkkəyə getmişdi. Geri qayıtdıqdan sonra mən Onun hüzuruna getdim və çalışdım ki, daha ondan ayrılmayım.

O Həzrət doqquz ay müddətində Maku qalasında həbsdə olarkən, hər ay Quranın bir hissəsinə təfsir yazmışdı və beləliklə, Onun mübarək qələmindən Quranın doqquz hissəsinin təfsiri çıxmışdı. O, bu təfsirləri Seyyid İbrahim Xəlilə vermişdi ki, gizlətsin və vaxtı çatanda üzə çıxartsın…
Seyyid Rəşti hədsiz şücaətlə əleyhdarlarının qarşısında duruş gətirir, hər cür əzab və əziyyətə qatlaşırdı. Son nəticədə Allah onun bütün əleyhdarlarını həlak etdi, düşmənlərini zəlil və xar etdi.

O vaxtlar Seyyid İbrahim Qəzvininin davamçıları Seyyid Rəştinin rahatlığını pozmaq üçün hər vasitəyə əl atırdılar və onu nüfuzdan salmaqdan ötrü müxtəlif fitnələr törədirdilər. O cümlədən onların böyük bir dəstəsi Osmanlı sultanı tərəfindən Kərbəlaya hakim təyin olunmuş şəxsi şəhərdən qovub qiyam qaldırdılar və əməlli-başlı qarışıqlıq yaratdılar. Mərkəzi hökumət qiyamı yatırtmaq və fitnə tonqalını söndürmək üçün bir dəstə qoşun göndərdi. Əsgərlər Kərbəlanı mühasirəyə aldılar. Qoşunun komandanı Seyyid Rəştiyə xəbər göndərdi ki, qarışıqlığa son qoymağa çalışsın və qiyamçılara zəmanət versin ki, əgər əməllərindən əl çəksələr, əfv olunacaqlar, əks təqdirdə onları ölüm gözləyir. Bu xəbər Seyyid Rəştiyə çatan kimi, qiyamın rəhbərlərini yanına çağırdı, səmimi bir tərzdə onlara nəsihət verdi və elə danışdı ki, qiyamçılar əməllərindən əl çəkib hökumətə təslim olacaqlarına söz verdilər. Amma Seyyid Rəştinin hüzurundan çıxan kimi, Seyyidin düşmənləri onları qiyamı davam etdirməyə təhrik etdilər, şəhər əhalisini hökumət qüvvələrinə müqavimət göstərməyə çağırdılar və onları inandırmaq üçün müxtəlif sözlər uydurdular. Məsələn, onlardan biri dedi: «Mən bu gecə Həzrət Abbası (ə) yuxuda gördüm. Mənə bu sözləri söylədi: Kərbəla əhalisinə de ki, hökumət qüvvələrinə qarşı cihad etsinlər və arxayın olsunlar, qələbə onlarla olacaq!» Nadan kütlə də bu sözlərə aldanıb Seyyid Rəştinin nəsihətlərini unutdu və qiyamdan əl çəkmədi. Belə olduqda, Seyyid Rəşti qoşunun komandanı Nəcib paşaya bir məktub yazdı və onu vəziyyətdən hali etdi. Nəcib paşa Seyyid Rəştidən xahiş etdi ki, ikinci dəfə camaata nəsihət versin və onlara desin ki, o, filan saatda şəhərə girib qiyamçıları darmadağın edəcək, yalnız onun evinə sığınmış adamlara toxunmayacaq. Seyyid Kazım Nəcib paşanın bu sözlərini bütün şəhərə yaydı. Seyyidin düşmənləri bunu istehza və məsxərə ilə qarşıladılar. Bunu eşidən Seyyid buyurdu: «Onların ölum vaxtı səhərdir. Səhər yaxın deyilmi?» (Hud surəsi, 81-ci ayə). Ertəsi gün səhər hökumət əsgərləri şəhərə hücum etdilər, divarları uçurub əhalini qırmağa və qarətçilik etməyə başladılar. Camaatın bir qismi İmam Hüseynin (ə), bir qismi də Həzrət Abbasın (ə) məqbərəsinə sığındı. Seyyidin bir çox dostları və tanışları isə onun evinə pənah gətirdilər. Yer çatmırdı, buna görə Seyyid Kazım qonşuluqdakı evləri də sığınacağa çevirdi. Bununla belə camaat həddən artıq sıx idi. Sakitlik yarandıqdan sonra məlum oldu ki, darısqallıq və basabas nəticəsində iyirmi nəfər keçinib.

Əsgərlər qətl və qarətlə məşğul idilər, hətta Həzrət İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) məqbərəsinə sığınan kəsləri də öldürürdülər. Beləcə minlərlə adam qətlə yetirildi, iş o yerə çatdı ki, iki məqbərənin həyətində qan su yerinə axırdı. Bütün Kərbəlada Seyyid Rəştinin evindən başqa təhlükəsiz bir yer yox idi. Allahın qəzəbindən doğan bu hadisə ona görə baş verdi ki, Seyyid Rəştinin əleyhdarları onun məqamının əhəmiyyətini dərk etsinlər. Həmən hadisə hicri 1258-ci il zilhiccə ayının 8-də (1843-cü il yanvarın 10-da) baş vermişdi.

Seyyid Rəştinin çoxlu şagirdləri vardı. Onların içərisində bir neçə nəfər hədsiz dərəcədə təkəbbürlü idi. Onlar zahiri görünüşlərinə çox fikir verir və belə zənn edirdilər ki, Şeyxin və Seyyidin bələd olduqları bütün sirləri mənimsəyiblər. Dərs zamanı həmən bir neçə nəfər həmişə birinci sırada oturardı. Seyyid üzdə onların hörmətini saxlasa da, əslində onların əhvalından agah idi və bəzən üstüörtülü şəkildə onların təkəbbürünə və ilahi sirləri anlamaqda aciz olduqlarına işarə edirdi. Məsələn, deyirdi ki, bir kəs məndən doğulmayınca, mənim sözlərimi anlaya bilməz (Hz İsanın işlətdiyi metafor). Həmçinin buyururdu ki, dünyada eşidən qulaq yoxdur, mən əsl sirri açıqlaya bilmərəm, çünki camaat onu eşitməyə hazır deyil. Arabir də bu şeri oxuyurdu:

Hər kəs iddia edir ki, Leyliyə qovuşub,
Leyli isə bu iddiaları təsdiq etmir.
Əgər gözdən yaş axıb tökülürsə,
Aydın olur ki, ağlayan kimdir və niyə ağlayır.

Bəzən söyləyirdi ki, məndən sonra zühuru gözlənilən Şəxs peyğəmbər nəslindəndir, Fatimənin övladlarındandır, orta boyludur, heç bir cismani qüsuru və xəstəliyi yoxdur.

Şeyx Əbu Turab mənə (müəllifə) danışmışdı ki, mən və Seyyidin şagirdlərindən daha bir neçə nəfər onun sözlərindən bu nəticəyə gəlmişdik ki, vəd olunmuş Həzrətin heç bir cismani qüsuru olmayacaq və deməli, əgər belə adamlardan biri müəyyən məqama iddia etsə, onun iddiası yanlış sayılmalıdır. Seyyidin şagirdləri arasında isə bir neçə nəfər vardı ki, onlar fiziki qüsurlara malik olmalarına baxmayaraq, Seyyid Rəştidən sonra onun yerinə keçmək və onun varisi olmaq barədə düşünürdülər. Onlardan biri İbrahim xan Qacar Kirmaninin oğlu Mirzə Kərim xan idi. Bu şəxsin bir gözü kor idi, özü də kosa idi. Başqa birisi Mirzə Həsən Gövhər idi ki, o, həddindən artıq kök idi, bütün bədənini piy basmışdı. Üçüncüsü Kirmanlı şair Mirzə Mühit idi ki, onun boyu həddindən çox uzun, bədəni isə olduqca arıq idi. Bu üç nəfər hamıdan artıq Seyyidin varisi olmağa can atırdı, baxmayaraq ki, hər üçünün cismani qüsurları vardı.

Seyyid də çox vaxt üstüörtülü şəkildə bəzi mətləbləri onlara çatdırırdı, onların imanı olmadığı halda təkəbbürdən yerə-göyə sığmadıqlarına işarələr edirdi, bildirirdi ki, onlar müəyyən iddialara düşəcəklər, tezliklə öz nadanlıq və səfehliklərini büruzə verəcəklər.

Hacı Kərim xan bir neçə il Seyyidin hüzurunda qaldıqdan sonra ondan icazə aldı ki, Kirmana getsin, orada İslamı gücləndirməklə, doğru yol göstərən imamların hədislərini yaymaqla məşğul olsun. Bir gün mən Seyyid Rəştinin kitabxanasında oturmuşdum. Bir nəfər içəri girib Hacı Kərim xanın yazdığı kitabı Seyyid Rəştiyə verdi ki, oxuyub onun barəsində müsbət rəy yazsın. Seyyid Rəşti kitabın bir neçə fəslini oxuduqdan sonra həmən şəxsə qaytarıb dedi: «Kərim xana de ki, öz kitabını hamıdan yaxşı özü tərifləyə bilər». Həmən adam Seyyidin hüzurundan mürəxxəs olduqdan sonra, Seyyid kədərli bir səslə dilləndi: «Allah Kərim xana lənət eləsin! Neçə illər mənim yanımda qalıb və məndən ayrılıqdan sonra gördüyü yeganə iş bu olub ki, küfr və dinsizliklə dolu bir kitab yazıb. İndi də istəyir ki, mən onun barəsində müsbət rəy yazım və onu tərifləyim. O, bir neçə dinsiz şəxslə birləşib Kirmanda rəhbərlik etmək üçün mərkəz yaratmağa çalışır. Məqsədi budur ki, mən bu dünyanı tərk edəndən sonra rəhbərliyi ələ alsın. Gör, o necə səhv bir yola və yanlış bir xəyala düşüb! Amma hidayətin bahar fəslində əsən ilahi vəhy küləyi onun tonqalını söndürəcək və o, ziyandan başqa bir nəticə görməyəcək. Ey Şeyx Əbu Turab, sən Kərim xanın indicə dediyim bütün bu işlərinin şahidi olacaqsan. Allahdan arzum budur ki, səni gələcəkdə vəd olunmuş Həzrətlə düşmənçilik edəcək bu dəccalın şərindən qorusun!» Sonra da əlavə etdi: «Sənə dediklərimi yadında saxla və qiyamət gününə, yəni qeybin əli ilə insanların qəlbindəki sirlərin və gizli niyyətlərin aşkar olacağı günə qədər heç kəsə söyləmə! Həmən gün isə var gücünlə Allahın əmrinə yardımçı ol və O Gün gördüklərini və eşitdiklərini başqalarına danış!»

Şeyx Əbu Turab Həzrət Babın zühurunun ilk çağlarında ona iman gətirdi. Bir müddət imanını gizli saxlasa da, axırda imanının şöləsi ətrafa işıq saçmağa başladı. Onu tutub Tehran zindanında sonralar Həzrət Bəhaullahın da məhbus olduğu Siyahçala saldılar və elə orada da o, şəhidlik zirvəsinə ucaldı.

Seyyid Rəşti ömrünün sonlarında bəzən üstüörtülü, bəzən də açıq şəkildə öz davamçılarına müraciətlər edib deyirdi: «Ey dostlar, amandır, dünyaya aldanmayın, Allahı unutmayın, dünyaya və onun nemətlərinə bağlanmayın, ilahinin vəd etdiyi Şəxsi arayın, bunun üçün hər tərəfə yayılıb Allahdan arzu edin ki, sizə doğru yolu göstərsin. Qüdrət və əzəmət pərdəsi arxasında gizlənmiş Müqəddəs Varlıqla görüşmək şərəfinə nail olmayınca, dayanıb durmayın. Ona məhəbbətinizdə sadiq olun ki, sizi öz dostları sırasına daxil etsin. Əgər Onun yolunda şəhidlik şərabını içəcəksinizsə, xoş sizin halınıza!… Sizə doğrusunu deyirəm, Qaimdən sonra Qəyyum zühur edəcək, qapı (Bab) açılanda gözəl (Hüseyn) bir sima görünəcək… O zaman Şeyxin sözlərinin sirri aşkar olacaq»…

Seyyid Kazım Rəştinin adəti belə idi ki, hər il zilqədə ayında Kərbəladan Kazımeynə gedərdi və ərəfə günü üçün Kərbəlaya qayıdardı. Ömrünün sonuncu ilində, yəni hicri 1259-cu (1843-cü) ildə də o, belə etdi və zilqədə ayının əvvəllərində (noyabrın sonlarında) Kazımeynə yollandı.  Həmən ayın 4-də (noyabrın 26-da) o, Bağdadla Kazımeyn arasında yerləşən Bərasə məscidinə çatdı. Günorta çağı idi. O, müəzzinə əmr etdi ki, günorta namazı üçün azan versin. Məscidin qarşısında bir xurma ağacı vardı.  Seyyid ağacın altında dayanmışdı. Birdən məsciddən bir ərəb çıxdı, iti addımlarla Seyyidə yaxınlaşıb dedi: «Üç gündür ki, mən burada sizi gözləyirəm. Mən çobanam, qoyunlarımı yaxınlıqda yerləşən otlaqda otarıram. Mən bir yuxu görmüşəm və mənə tapşırılıb ki, onu sizə danışım. Yuxuda Həzrət Rəsulullahı gördüm və O, buyurdu: «Ey çoban, mənim sözlərimə yaxşı qulaq as və yadında saxla, çünki bu, Allahın əmanətinə bərabər bir şeydir ki, sənə tapşırıram. Əgər dediklərimə əməl etsən, böyük mükafat alacaqsan, yox, qulaqardına vursan, dəhşətli əzaba düçar olacaqsan. Burada qal, üç gündən sonra mənim nəslimdən Seyyid Kazım adlı bir şəxs öz davamçıları ilə bura gələcək və günorta çağı bu məscidin qarşısındakı xurma ağacının altında dayanacaq. Onun hüzuruna gedib mənim salamımı çatdırarsan və deyərsən ki, gözün aydın, sənin ölüm saatın yaxınlaşıb. Kazımeyni ziyarət etdikdən sonra dərhal Kərbəlaya qayıt, çünki Kərbəlaya varid olduqdan üç gün sonra, yəni ərəfə günü sən vəfat edəcəksən. Sənin vəfatından sonra çox çəkməyəcək ki, Allahın vəd etdiyi Şəxs zühur edəcək və dünyanı Öz camalının nuru ilə işıqlandıracaq».

Bu sözləri eşitdikdə, Seyyid Rəştinin dodaqlarına təbəssüm qondu və dedi: «Ey çoban, sənin yuxun doğrudur!». Seyyidin yoldaşları bunu eşidib kədərləndilər. Seyyid onlara dedi: «Siz məni gəlişi gözlənilən O böyük Şəxsin xatirinə sevirsiniz. Bununla belə razı olmursunuz ki, mən gedim, O gəlsin». Seyyidin bu sözləri çox məşhurdur və mən (müəllif) həmən gün onun yanında olan azı on nəfərdən eşitmişəm ki, Seyyid Rəşti məhz belə deyib. Buna baxmayaraq, həmin hadisəni öz gözü ilə görüb həmən sözləri öz qulağı ilə eşidənlər Həzrət Bab zühur etdikdən sonra inkarçılıq mövqeyi tutdular.

Xülasə, Seyyid Rəşti Kərbəlaya qayıdan kimi xəstələnib yorğan-döşəyə düşdü. Düşmənləri belə söz çıxartdılar ki, guya o böyük insanı Bağdad hakimi zəhərləyib. Lakin bu, yalan söhbətdir, çünki Bağdad hakimi Seyyid Rəştiyə son dərəcə böyük hörmət bəsləyirdi və onu ən qüdrətli dini rəhbərlərdən biri sayırdı.

Seyyid Kazım hicri 1259-cu ildə ərəfə günü (31 dekabr 1843-cü ildə) çobanın yuxusuna tam uyğun surətdə 60 yaşında vəfat etdi. Onun müqəddəs qəbri şəhidlərin ağasının, yəni İmam Hüseyn (əs) məqbərəsinin yanındadır. Onun vəfat etdiyi gün Kərbəlada sanki qiyamət qopmuşdu. Bir il əvvəl hökumət qüvvələrinin hücumu zamanı Kərbəla əhalisinin sığınacağına çevrilmiş evi həmin gün hədsiz kədər və hüzn məkanına dönmüşdü. Onun vəfatı bütün davamçılarını qəm-qüssəyə qərq etmiş, ayrılığı ürəkləri qana döndərmişdi.

(məqalənin ardını gözləyin)

Оставьте комментарий